Azərbaycan, Bakı, 22 may /Trend/
Mayın 23-də Kipr Respublikasının Nikosiya şəhərində Avropa Olimpiya Komitəsinin 35-ci iclası keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 24 may tarixinədək davam edəcək iclasda Azərbaycanı nazir Azad Rəhimov təmsil edəcək.
Avropa Olimpiya Komitəsinin Prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri (Şef de Missionlar) və digər nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaqdır.