...

Anar Məmmədov: Qolf Azərbaycanda ən uğurlu idman növlərindən biri olacaq (FOTO)

İdman Materials 31 İyul 2014 10:36 (UTC +04:00)
Azərbaycanda qolf üzrə ilk "Challenge Tour"un açılış mərasimi keçirilib.
Anar Məmmədov: Qolf Azərbaycanda ən uğurlu idman növlərindən biri olacaq (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycanda qolf üzrə ilk "Challenge Tour"un açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, iyulun 30-da Qubada Azərbaycanın Qolf Federasiyası və "European Challenge Tour"un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk "Azerbaijan Open Challenge" turnirinin açılış mərasimi keçirilib.

Qubadakı Milli Qolf Klubunda baş tutan tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və şou-biznes nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş və yarışda iştirak edəcək 150-dən artıq tanınmış qolfçu iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov qeyd edib ki, qolf Azərbaycanda idmanın yeni bir növü olsa da, qısa bir müddət ərzində böyük uğurlara imza atılıb, ölkədə artıq qolf üzrə sayca ikinci yarış keçirilir: "Ümid edirəm ki, qolf Azərbaycanda idmanın ən uğurlu növlərindən biri olacaq. Biz çalışacağıq ki, 2016-cı ildə Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına Azərbaycandan da qolfçular göndərək. Bu tədbiri təşkil edən komandama təşəkkürümü bildirirəm, onlar sözün əsl mənasında böyük iş görüblər".

Oyunçulara qarşıdakı 3 gün ərzində Azərbaycanda həyatlarının ən maraqlı anlarını yaşayacaqlarını deyən federasiya prezidenti onlara uğurlar arzulayıb.

O, həmçinin dəvəti qəbul edərək Quba Milli Qolf Klubuna gəlmiş bütün tamaşaçılara öz təşəkkürünü bildirib və tədbiri açıq elan edib.

Daha sonra çıxış edən "European Challenge Tour"un rəhbəri Alan de Soltre tədbirin təşkilinə görə Azərbaycan Qolf Federasiyasına təşəkkürünü bildirib: "Bu gün Azərbaycanda ilk beynəlxalq qolf turnirinin açılışında iştirak edirik. Azərbaycan "Challenge Tour"un keçirildiyi 45-ci ölkədir. Biz Azərbaycanı gözəl və qüdrətli bir ölkə kimi aşkar etdik. Bütün oyunçulara uğurlar arzulayıram və bu möhtəşəm tədbiri təşkil edən Azərbaycan Qolf Federasiyası, onun prezidenti Anar Məmmədova dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, iyulun 31-dən avqustun 3-nə kimi Qubada Milli Qolf Klubda keçiriləcək "Azerbaijan Challenge Open" turnirində 150-dən artıq gənc qolfçu iştirak edir. Onların arasında dünyanın tanınmış qolf ulduzları da var.

Xatırladaq ki, "Challenge Tour" dünyanın ən istedadlı gənc qolfçularına öz bacarıqlarını dünyaya nümayiş etdirməyə sərait yaradan, eyni zamanda, Tomas Byörn, Martin Kaymer, Henrik Stenson kimi qolf uduzlarının yolunu getmək arzusunda olan qolfçular üçün əvəzolunmaz imkanlar yaradan bir turnirdir.

"Challenge Tour"un yarış cədvəli Milli Qolf Federasiyaları tərəfindən təyin edilir. Bu federasiyalar aid olduqları ölkələrdə həm könüllü, həm də peşəkar qolfçular şəbəkəsini idarə edir və nəticə olaraq "Challenge Tour"u bu ölkələrə gətirməklə qolfun inkişafına zəmin yaratmış olurlar. "Challenge Tour" çoxşaxəli bir turnir cədvəlinə malikdir ki, bura Avropa, Afrika, Asiya və Orta Şərq ölkələri daxildir və bu turnirlər özünə əmin olan peşəkar qolfçu həvəsində olanların dünya miqyasına çıxması üçün əvəzsiz bir imkandır. Belə ki, "Challenge Tour" Avropada "tour professional"ları həvəsləndirmək və onlara şərait yaratmaq uçün nəzərdə tutulub.

Dünya səviyyəli yarışlar hesab olunan "Challenge Tour" 2014-cü ilə qədər 28 yarışla 24 müxtəlif ölkələrdə təşkil olunub. Bu yarışlarda əsasən 120-160 qolfçu iştirak edib və hər yarışda yalnız Top-14 finalçı xal qazanmaq imkanı əldə edib. Hər "Challenge Tour" mövsümünün sonunda Top-15 yeri tutan qolfçular növbəti mövsümdə "European Tour"da oynamaq hüququ qazanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti