...

Çaparımız beynəlxalq turnirdə bayrağımızı 3 dəfə yüksəltdi

İdman Materials 2 Avqust 2014 17:28 (UTC +04:00)
Danimarkada atçılığın konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq yarışlar keçirilib.
Çaparımız beynəlxalq turnirdə bayrağımızı 3 dəfə yüksəltdi

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Danimarkada atçılığın konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq yarışlar keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycanı "Kornus VA", "Carvin" və "Sir Poldi-3" ləqəbli atlarla milli komandamızın üzvü Andre Şröder təmsil edib.

Əvvəlcə çaparımız "Kornus VA" ləqəbli atla maneələri 115 sm-lik yarışlarda qüvvəsini sınayıb. Yerli idmançıların fəallıq göstərdiyi turnirdə A.Şröder bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Turnirdə ikinci və üçüncü yerləri danimarkalı idmançılar, müvafiq olaraq, "Fortuna" ləqəbli atla Emili Luise Velsbi və "Azalea" ləqəbli atla Maykl Ertman Henriksen tutublar.

Ardınca çaparımız hündürlüyü 135 sm olan maneələri dəf etmə yarışlarında qüvvəsini sınayıb. Bu dəfə A.Şröder "Sir Poldi-3" ləqəbli atla mübarizə aparıb. İdmançımız yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri "Jonni B" ləqəbli atla isveçli Yorgen Larson tutub. "Herzblatt 25" ləqəbli atla almaniyalı Kasandra Orşel isə 3-cü olub.

Nəhayət, günün üçüncü yarışı 140 sm-lik maneələrə qarşı olub. Həlledici yarışa "Sir Poldi-3" ləqəbi atla qatılan A.Şröder bu dəfə də bütün rəqiblərini qabaqlayaraq qələbəni bayram edib. 140-sm-lik maneələrə qarşı yarışlarda ikinci pilləni "Kaltona" ləqəbli atla yeni zelandiyalı Bryus Qudin, üçüncü pilləni isə "Akantya" ləqəbli atla almaniyalı K.Orşel tutub.

Qeyd edək ki, yarışlar 3 avqust tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti