Azərbaycan, Bakı, 13 avqust /Trend/
Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Azərbaycana səfər edib. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 6-13 tarixlərində baş tutan səfər çərçivəsində Helmut Knabl Azərbaycanın füsünkar dağ massivləri ilə tanışlıq məqsədilə FAİREX-in "Salavat" idman klubunun rəhbəri İlqar İsrafilovun bələdçiliyi ilə Şahdağ zirvəsinə və Qızıl qaya massivindəki Heydər zirvəsinə yürüş edib.
2 gün davam edən yürüş zamanı qonaq Böyük Qafqazın suayrıcı və yan silsiləsində yerləşən zirvələrin Azərbaycanda dağçılıq idmanının inkişafında böyük əhəmiyyətə malik olduğunun, yeni fəaliyyətə başlayan dağçılar üçün populyarlığının və belə yürüşlərin ənənəvi hal aldığının şahidi olub. H.Knabl Şahdağ və Heydər zirvələrinin mənzərəsindən xüsusi zövq aldığını qeyd edib, Azərbaycanda dağçılıq sahəsində mövcud potensialı müsbət qiymətləndirib, həmçinin dağçılıq idman növlərinin inkişafına dair öz dəyərli tövsiyələrini verib.
Qeyd edək ki, qonaq səfər çərçivəsində Azərbaycanın və paytaxtın görməli yerləri ilə də tanış olacaq.