Azərbaycan, Bakı, 17 mart /Trend/
Bir müddət öncə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Dünya Kuboku yarışlarında çempion olan və Azərbaycan idmanı tarixində yeni bir səhifə yazan yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışlarını davam etdirir. Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb. Trend müsahibəni təqdim edir.
- Avropa Oyunlarına hazırlıq necə gedir, hansı mərhələdədir?
- Gördüyünüz kimi, bu günkü səhər məşqimiz stadiondadır. Axşama isə zalda olacaq. Davamlı olaraq məşqlərimizi edirik, güləşçilərimizin vaxtı vaxtında məşqlərinə, qidasına, nizam-intizamına diqqət yetiririk. Biz Avropa Oyunlarına sistemli şəkildə, xüsusi proqramla hazırlaşırıq. Elə gün olur ki, üç dəfə məşq olur, elə gün olur iki dəfə.
- Gündə 3 dəfə məşq ağır deyilmi?
- Məşqlərimiz ağır keçir. Çünki məsuliyyətli vəzifəmiz var. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər yarış gözləyir. Əsas odur ki, güləşçilərimiz verilən tapşırıqların öhdəsindən gələ bilir. Bizim uşaqlar yorğunluğun özünü yorarlar, ancaq özləri yorulmazlar. Etdiyimiz məşqlər də məhz onlara görədir. Mən Bakıya gələndə birinci növbədə məşqi artırdım, ikinci isə keyfiyyətə diqqət etdim. Məhz buna görə də bu gün istədiyimiz nəticəni ala bilirik.
- Bu günkü məşq prosesində hansı idmançıları xüsusi olaraq qeyd edə bilərsiniz?
- Bu gün demək olar ki, komanda üzvlərinin əksəriyyəti yaxşı məşq elədi. Məsələn, Həsən Əliyev. Həsənin enerjisi o qədər yüksəkdir ki, yorulmaq bilmir. Sadəcə bir az fikri qarışıq olur, o da yavaş-yavaş düzəlir. Elvin Mürsəliyev də güclü güləşçilərimizdən biridir və əsas odur ki, yaraşıqlıdır... (gülür)
- Avropa Oyunlarına 90 gündən az vaxt qalıb. Kimləri hazır hesab edirsiniz?
- Əlbəttə, peşəkar məşqçi bunu bilməlidir. Avropa Oyunlarına sayılı günlər qalsa da, mən onlara demirəm kim hazırdır. Çünki bu onlara rahatlıq verə bilər. Güləşçilər arasında mütləq rəqabət olmalıdır. Amma müəyyənləşdirmişik ki, kimlər hazırdır, kimlər Oyunlarda iştirak edə biləcək.
- Bir müddət öncə İranda Dünya Kubokunun qazanılması güləşçilərimiz üçün əlavə bir stimul oldu...
- Əlbəttə. Biz Dünya Kubokuna da məsuliyyətli hazırlaşmışdıq. Şükürlər olsun ki, qalib olduq. Bu qələbə Azərbaycanda bir ilk oldu. Belə qələbələr yenidən təkrarlanmalıdır. Mən Azərbaycan xalqını sevirəm və belə idmançılarmızla fəxr edirəm.