Azərbaycan, Bakı, 15 aprel /Trend/
Şahmat üzrə dünya çempionu, FİDE reytinqinin lideri, ShamkirChess2014 turnirinin qalibi Maqnus Karlsen turnirin rəsmi saytına müsahibə verib.rend həmin müsahibəni təqdim edir.
- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turniri haqda nə söyləyə bilərsiniz?
- Ötən il Şəmkirdə keçirilən turnirdən xoş xatirələrlə ayrıldım. Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən yarışda yenidən iştirak etmək istəyirəm. Əlbəttə, sadəcə iştirak deyil, həm də qalib gəlmək niyyətindəyəm. Ötən il hər şey yaxşı oldu, sonda turnirin qalibi oldum. Yenidən birinci olmaq istəyirəm.
- Vüqar Həşimovla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən?
- Vüqar çox istedadlı şahmatçı olub. O hər zaman yeniliklərlə diqqəti cəlb edib. Təkrakçılığı xoşlamayıb. Düzü onu xoş xatirələrlə yada salıram. Vüqarı unutmamışıq. Onun yoxluğu bütün şahmat ailəsi üçün böyük itkidir. Şəmkirdə onun adına layiqli turnir təşkil edildiyini qeyd etməliyəm.
- Ötən il ilk dəfə Şəmkirdə olmusan. Şəhər haqda hansı fikirdəsən?
- Orada olduğum müddət darıxmağa imkan olmadı. Bir tərəfdən turnirdə mübarizə, digər tərəfdən bizim üçün hazırlanan proqramlar maraqlı oldu. İstirahət günü oynadığımız futbolu xatırlayıram. Bizim komanda (dünya şahmatçılarının komandasını nəzərdə tutur) yarışın qalibi adını qazandı. Bu dəfə də futbol oynamaq təklif olunsa razılaşaram. Ümumiyyətlə Şəmkirdə təşkilatçılıq yüksək səviyyədə idi. Şəmkir şahmat turnirinin təşkilatçılarına - xüsusilə Synergy Group-a təşəkkür etmək istəyirəm.
- Bu dəfə yarışda rəqabət daha güclü olacaq, bu fikirlə razısan?
- Ötən ildə bu turnirdə zəif rəqib olmayıb. Şəmkirdə ancaq güclülər yarışır. Ona görə də hər tur çətinlik olur. Bu mənada yarışda qalib gəlmək asan deyil. Gərək hər tur maksimum nəticəyə oynayasan. Bu il heyət daha da gücləndirilib. Heç kim indidən nəticəylə bağlı proqnoz verə bilməz.
- Hər halda siz yarışın favoriti hesab olursunuz. Sizə yarışda kim mane ola bilər?
- Gəlin elə deməyək. Hər bir şahmatçı Şəmkirə yaxşı nəticə üçün gələcək. Ona görə aşkar favorit olmayacaq. Əlbəttə, məndən hamı yaxşı nəticə gözləyir. Mən buna öyrəşmişəm. Ona görə də qalib gəlməyə çalışacam.
- İştirakçılar arasında hansı şahmatçıya qarşı oynamaq Maqnus Karlsen üçün daha çətin olacaq?
- Məncə, Vladimir Kramnika qarşı oynamaq daha çətin olacaq. Bütün şahmatçılara hörmətlə yanaşıram. Sözsüz hamısı güclüdür. Amma nədənsə Kramniklə oyunlar mənə görə daha çətindir. Onunla müxtəlif yarışlarda üz-üzə gəlmişik. Vladimir hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir. Görək Şəmkirdə necə olacaq.