...

Vladimir Kramnik: "Vüqarla şahmat oynamaq xatirə turnirində iştirakdan daha yaxşıdır..." (MÜSAHİBƏ)

İdman Materials 20 Aprel 2015 16:29 (UTC +04:00)
Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdır. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir.
Vladimir Kramnik: "Vüqarla şahmat oynamaq xatirə turnirində iştirakdan daha yaxşıdır..." (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi, rusiyalı Vladimir Kramnik "ShamkirChess 2015" turnirinin rəsmi saytına müsahibə verib. Trend həmin müsahibəni təqdim edir.

- İlk olaraq "ShamkirChess 2015" turniri haqqında fikirlərinizi bilmək istərdik...

- Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdır. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir. Heç bir problemimiz yoxdur. Havası o qədər təmizdir ki, ilk günlər yuxuya qalmışam. Saat 12:15-də oyanmaq istəsəm də, bir saat çox yatmışam. Ardıcıl bir neçə gün belə oldu.

- Vüqar Həşimovla xatirələriniz maraqlıdır. Onunla hansı turnirlərdə rəqib olmusunuz?

- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaq da, onun haqqında ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Heç vaxt fikirləşməzdim ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəyəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindir. Şəmkir turniri Vüqarsevərləri birləşdirir. Təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirə turniri ənənəvi olmalıdır.

- Ötən il norveçli dünya çempionu Maqnus Karlsen yarışın əsas favoriti hesab olunurdu. Bu dəfə siz və Vişvanatan Anand iştirakçılar sırasında olduğu üçün Karlsenin asan qələbə qazanması mümkün deyil...

- Ümumiyyətlə, bu yarışda iştirak edən hər bir şahmatçı uğur qazanmaq istəyir. Anandla yanaşı, Karuana var. Təkcə Maqnusa deyil, hamıya çətindir. Maqnus dünya çempionudur, ona görə də ondan hər zaman qələbə gözlənilir. Fikrimcə, bu dəfə son tura qədər qalib məlum olmayacaq.

- Bəziləri Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?

- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandır. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.

- "ShamkirChess 2015" turnirinin 2-ci turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır..

- Əlbəttə, Karlsen çox güclü şahmatçıdır. Son zamanlar belə bir ifadə var - hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz ki, Maqnus güclü şahmatçıdır. Şəhriyara gəldikdə isə onun böyük potensialı var. Emosional qrossmeysterdir. Ən böyük problemi stabil oynamamasıdır. Stabil oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə, şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.

- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyikmi?

- Payızda Dünya Kubokunda iştirak edəcək. Hər halda belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. Bu mənada mənim üçün çətin olacaq. İstərdim, Bakıda da qalib olum. Lakin başa düşürəm ki, çətin olacaq.

- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də, son qərar məlum deyil...

- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə idman siyasətdən kənardır. Mən istəyirəm ki, erməni şahmatçılar Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.

- Aprelin 22-də "ShamkirChess 2015" turnirində istirahət günüdür. Həmin gün şahmatçılar arasında futbol turniri olacaq. Sizi meydanda görəcəyikmi?

- (gülür) Mən qorxuram ki, zədə alım və sonrakı turlarda oynaya bilməyim. Bəlkə 5-6 dəqiqə imkan yaratsalar, meydana çıxaram. İstirahət günü Şəmkirdə restorana getmək istəyirəm. Yerli mətbəxin dadlı olduğunu eşitmişəm. Çox istərdim, yerli mətbəxin dadına baxım.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti