Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub.
Trend azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, mili komandamızın iki üzvü - Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) ¼ finalda qaıib gələrək, ən azı bürünc medalı özlərinə təmin ediblər. O.Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz yarımfinalda Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndəsi Mark Kastro ilə qarşılaşacaq.
M.Abdullayev isə ¼ finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb - 3:0. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək.
Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizədə cüzi üstünlüklə Kuba boksçusu qələbə qazanıb - 2:1.
Sayad Lalayev də (63 kq) ¼ finalda uduzaraq mükafatçılar sırasına düşmək şansını itirib. Seçməmizin üzvü Qazaxıstan idmançısı Aibol Jambirbaya məğlub olub.
Xatırladaq ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq.