...

"Formula 1" kuboku alov və xalça elementlərini əks etdirir (ƏLAVƏ OLUNUB)

İdman Materials 18 İyun 2016 14:24 (UTC +04:00)
Trend yarışın kubokunun ilk fotosunu təqdim edir.
"Formula 1" kuboku alov və xalça elementlərini əks etdirir  (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Formula 1" Avropa Qran Prisinin kuboku alov və xalça elementlərini özündə əks etdirir.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Trend-ə bildirib ki, kubok Azərbaycana məxsus elementləri özündə təcəssüm etdirir: “Formula 1-in kuboku çox maraqlıdır. Azərbaycan “Odlar yurdu” kimi tanınır, buna görə də kubokda alov, həmçinin xalça elementləri göstərilib”.

N.Arpadarai qeyd edib ki, yarışın kuboku gümüşdən hazırlanıb: "Ümumilikdə yarışda 4 kubok təqdim ediləcək. Kubok 1, 2 və 3-cü yeri tutan idmançılara və konstruktora veriləcək, yəni hansı avtomobilin brendi qalib olursa, onun konstruktoruna da ayrıca kubok veriləcək. Bütün kubokların təsviri eynidir. Onların fərqləri yalnız ölçülərindədir. Əsas kubok daha böyükdür”.

O əlavə edib ki, 1-ci yer və konstruktor üçün nəzərdə tutulan kubokun hündürlüyü 550 mm, 2-ci yer üçün 450 mm, 3-cü yer üçün isə 400 mm-dir.

N.Arpadarinin sözlərinə görə, kuboklar sabah yarışdan sonra təqdim ediləcək.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti