Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan 9 noyabr "Dövlət Bayraq Günü" və 12 noyabr "Konstitusiya Günü"nə həsr olunmuş şahmat turniri başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Şahmat Federasiyasında keçirilən turnir İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.
Turnirin təşkil olunmasında məqsəd ölkəmiz üçün önəmli olan günlərin bir daha xatırladılması, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliğidir.
Turnirdə 1-ci yeri Sənan Quliyev, 2-ci yeri Fazil Alməmmədov, 3-cü yeri Tünar Quluyeva tutub.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə yüksək nəticələr göstərmiş iştirakçılar və qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.