...

Bədii gimnastika üzrə Dünya Kubokunda iki növ üzrə finalçılar məlum olub

İdman Materials 28 Aprel 2017 18:14 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla fərdi çıxışlarda təsnifat mərhələsi başa çatıb
Bədii gimnastika üzrə Dünya Kubokunda iki növ üzrə finalçılar məlum olub

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla fərdi çıxışlarda təsnifat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, halqa ilə hərəkətlərdə finala Rusiya təmsilçiləri Aleksandra Soldatova və Arina Averina, israilli Nikol Zelikman və Viktoriya Filanovski, ABŞ gimnastları Evita Qriskenas və Kamilla Fili, belaruslu Alina Harnasko və Bolqarıstan nümayəndəsi Neviana Vladinova çıxıb.

Azərbaycanlı gimnast Zöhrə Ağamirova 16,150 xalla 10-cu yer tutub və ikinci ehtiyat finalçı olub.

Topla hərəkətlərdə finala rusiyalı Aleksandra Soldatova və Arina Averina, belaruslu Alina Harnasko, Bolqarıstan nümayəndəsi Neviana Vladinova, rumıniyalı gimnast Ana Luiza Florianu, israilli Viktoriya Filanovski, gürcüstanlı Natella Bolatayeva və fransalı Kseniya Mustafayeva çıxıb.

Azərbaycanlı gimnastlar arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək 14-cü yer tutub.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti