...

Litvalı məşqçi: “AGF Junior Trophy”nin finalına çıxmağa ümid edirik

İdman Materials 23 Aprel 2018 15:57 (UTC +04:00)
“AGF Junior Trophy”nin finalına çıxmağa ümid edirik
Litvalı məşqçi: “AGF Junior Trophy”nin finalına çıxmağa ümid edirik

Bakı. Ənvər Məmmədov - Trend:

“AGF Junior Trophy”nin finalına çıxmağa ümid edirik.

Bunu Trend-ə bədii gimnastika üzrə Litvanın gənclərdən ibarət milli komandasının məşqçisi Erika Çipkene deyib.

Məşqçinin sözlərinə görə, litvalı gimnastlar daha yaxşı çıxış edə bilərdi, amma həyəcan və hazırlıq buna mane oldu:

“Fikrimcə, bəzi növlərdə finala çıxa bilərik. Amma hesab edirəm ki, qızlar daha yaxşı çıxış edə bilərdi. Hazırlıq səviyyəsi aşağı idi. Litvada Bakıda olduğu kimi şərait yoxdur”.

E.Çipkene həmçinin yarışların yüksək təşkilatçılığını qeyd edib:

“Hər şey çox yüksək səviyyədədir. Şərait çox gözəldir. Ümumilikdə təşkilatçılıq çox yüksəkdir”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib.

Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti