Bakı. Cani Babayeva - Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını izləməkdən məmnunam.
Bunu Trend-ə ukraynalı tamaşaçı Natalya Vlasenko deyib.
O, Kiyevdən gəldiyini bildirib: “Bakıya ilk dəfə gəlmişəm. Avropa çempionatında öz komandamıza azarkeşlik edirəm. Gimnastika arenası çox xoşuma gəldi. Şəhər gözəldir, insanlar mehribandır”.
N.Vlasenko vurğulayıb ki, bütün ölkələrdən olan gimnastların çıxışlarını maraqla izləyir:
“Əlbəttə, bütün gimnastların çıxışlarını izləmək maraqlıdır. Gimnastika inkişaf edir, xüsusilə də sizin ölkənizdə. Azərbaycan gimnastlarının çıxışını izləmişəm, deyə bilərəm ki, səviyyə çox yüksəlib”.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı start götürüb.
16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.
Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.
Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.
Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.