...

“Neftçi” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib

İdman Materials 15 İyul 2021 01:01 (UTC +04:00)
“Neftçi” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib

Bakı. Trend:

Bakının "Neftçi" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Trend xəbər verir ki, iyulun 14-də Bakı təmsilçisi turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını qəbul edib.

“Bakcell Arena”da keçirilən görüşdə "Neftçi"nin start heyətində Aqil Mammadov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov (k), Sezar Meza Kolli, Mert Çelik, Yusuf Laval, Ömər Buludov, Sabir Buqrin və Mamadu Kane yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava (k), Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç və Saba Xvadagiani meydana çıxıblar.

Moldovalı baş hakim Dumitri Munteanın idarə etdiyi matçın birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Dinamo" futbolçuları görüşün 51-ci dəqiqəsində istəklərinə çatıblar. Belə ki, Milan Radin oyunda hesabı açıb. Kobud oyuna görə, Tbilisi təmsilçisinin qapısına təyin olunan penalti zərbəsini matçın 58-ci dəqiqəsində dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1. On dəqiqə sonra "Neftçi"nin futbolçusu Namiq Ələsgərov komandasını hesabda önə çıxarıb və bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, "Neftçi" klubu doğma meydanda 2:1 hesablı qələbə qazanıb.

Komandalar arasında Tbilisidəki ilk qarşılaşma da “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 20-21-də, cavab görüşləri isə 1 həftə sonra təşkil olunacaq. "Neftçi" klubu "Olimpiakos" ilə görüşü səfərdə keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti