...

Bakıda keçirilən Dünya Kubokunda iştirak imkanı qazandığım üçün çox şadam - Portuqaliya gimnastı

İdman Materials 12 Fevral 2022 17:38 (UTC +04:00)
Bakıda keçirilən Dünya Kubokunda iştirak imkanı qazandığım üçün çox şadam - Portuqaliya gimnastı

Bakı. Cani Babayeva - Trend:

Bakıda təşkil olunan yarışlardan həzz alırıq.

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı, Portuqaliya idmançısı Pedro Ferreyra bildirib.

"Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım, hər şey əladır. Yarışdan əvvəlki məşq uğurlu alındı ​​və bu, yarışda öz nəticəsini verdi. Qrupumda birinci yeri tutdum, bu, növbəti mərhələdə mənə güc və inam verəcək", - deyə P.Ferreyra bildirib.

Portuqaliyalı gimnast Bakıya yeddinci dəfə gəldiyini qeyd edib.

"Bakı böyük və gözəl şəhərdir. Biz hamımız burada olmaqdan həzz alırıq və Dünya Kubokunda iştirak etmək imkanı əldə etdiyimiz üçün çox şadıq. Yarışın təşkili əladır, komandamız hər şeydən razıdır, heç bir şikayət yoxdur, hər yerdə müsbət atmosfer və mehriban münasibət hökm sürür”, - o əlavə edib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti