...

Gimnastımız batut üzrə Dünya Kubokunda finala yüksəlib (FOTO)

İdman Materials 12 Fevral 2022 17:26 (UTC +04:00)
Gimnastımız batut üzrə Dünya Kubokunda finala yüksəlib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut üzrə Dünya Kubokunda finala yüksəlib.

Trend-in məlumatına görə, öz qrupunda ən yaxşı nəticəni Selcan Maqsudova göstərib. O, birinci cəhdə görə hakimlərdən 52.720 xal, ikinci cəhdə görə isə 53.100 xal alıb.

Yeni qaydalara əsasən, öz qrupunda iştirakçılar arasında ən yaxşı nəticə nümayiş etdirən bir gimnast avtomatik olaraq finala çıxır. İki cəhddən toplanan ən yüksək xal nəzərə alınır.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti