Bakı. Trend:
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Trend AFFA-ın saytına istinadən xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.
"Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ" avrokuboklarda iştirak üçün lisenziya alıb. “Turan Tovuz” və “Səbail”ə analoji sənəd verilməyib.
“Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”,
"Araz-Naxçıvan" və “Zaqatala”ya Premyer Liqada oynamaq üçün
lisenziya verilib. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ
Lökbatan” isə elitaya buraxılmayıb.
Klublar lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş
tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma
üzrə Apellyasiya Komitəsinə şikayət verə bilər.
Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün
Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə
dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə
müvafiq olaraq, 2023/2024-cü illər mövsümündə UEFA-nın klub
yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik
olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında
iştirak etmək üçün lisenziya almış hesab olunur.