...

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində gözəl şou (FOTO)

İdman Materials 17 May 2023 21:39 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində gözəl şou (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimi olub.

Trend xəbər verir ki, əvvəlcə Avropa çempionatında iştirak edən ölkələrin bayraqlarının paradı olub. Azərbaycan Respublikasının dövlət himnini müğənni Vaqif Nağıyev ifa edib.

Hakimlər, məşqçilər və gimnastlar adından andlar verilib. Andlar idmanda sağlam rəqabət, ədalətli hakimlik və ədalətlilik prinsiplərinə riayət olunmasını bir daha xatırladıb. Gimnastlar adından Azərbaycan gimnastı, qrup hərəkətləri üzrə böyüklərdən ibarət yığmanın üzvü Güllü Ağalarzadə, hakimlər adından Monika Fornie Qarsiya (İspaniya), məşqçilər adından - Vesna Radoniç (Monteneqro) and içiblər.

Sonra gözəl gimnastika, musiqili və xoreoqrafik şou təqdim olunub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Yarışlarda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.

Avropa çempionatının ilk günü gənclərdən ibarət komandalar qrup hərəkətlərində beş iplə və beş topla proqramda çıxış edirlər.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) çıxış edəcək.

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edəcəklər.

Foto - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti