...

“Qarabağ”dan üstünlük, “Neftçi” üçün ilk - TƏHLİL

İdman Materials 5 Mart 2024 20:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 20 böyükhesablı nəticə qeydə alınıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionatın arxada qalan 25 turunun 125 oyununun 16 faizi üç və ya daha çox top fərqi ilə başa çatıb.

Yalnız “Neftçi”
“Qarabağ” hamıdan çox – 7 böyükhesablı qələbə qazanıb. “Səbail”lə “Turan Tovuz” hərəyə üç dəfə azarkeşlərinə belə sevinc bəxş edib. “Sabah”ın hesabında iki fərqli qalibiyyət var. “Araz-Naxçıvan”, “Qəbələ”, “Kəpəz”, “Sumqayıt” və “Zirə” hərəsi bir dəfə üç və ya daha çox top fərqi ilə üç xal qazanıb. Yalnız bir komanda belə qələbə əldə etməyib. “Neftçi” heç bir komandanı iki topdan artıq fərqlə üstələməyib. Ümumiyyətlə, son turadək “ağ-qaralar” matçlarında böyük hesab qeydə alınmayan yeganə komanda idi. XXV turda “Qarabağ”a 1:4 hesablı məğlubiyyət paytaxt təmsilçisi üçün mövsümdə birinci belə nəticə olub.

Yarısı autsayderlərin
Böyükhesablı məğlubiyyətlərin yarısı autsayderlərin payına düşür. “Qəbələ” 6, “Kəpəz” 4 dəfə belə nəticəyə üzülüb. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sumqayıt” və “Səbail” hərəyə 2 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Neftçi” və “Sabah”ın bir uğursuzluğu var. İki komanda belə fərqlə məğlub olmayıb. Bunlar “Qarabağ” və “Zirə”dir.

Ən “böyük”lər “Qarabağ”ın hesabında
İyirmi böyükhesablı nəticədən 12-si üç top fərqi ilə yekunlaşıb. Bu rəqəmin 4-ə bərabər olduğu matçların sayı 4-dür. Üç dəfə 5, bir dəfə 6 qolluq fərq yaşanıb. Rekord nəticə “Qarabağ”a məxsusdur. Ağdam klubu “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. Səfərdə 5 top fərqi ilə qalib gələn yeganə komanda da Qurban Qurbanovun yetirmələridir. Ağdamlılar Sumqayıtda eyniadlı komandanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 20 böyükhesablı nəticədən 9-da meydan sahibləri, 11-də qonaqlar qalib gəliblər.

Xəbər lenti

Xəbər lenti