...

Bu qələbədən sonra rahatlaşmaq böyük yalnışlıq olar - Rəşad Sadıqov (MÜSAHİBƏ)

İdman Materials 12 İyul 2024 21:00 (UTC +04:00)
Bu qələbədən sonra rahatlaşmaq böyük yalnışlıq olar - Rəşad Sadıqov (MÜSAHİBƏ)

Bakı. Trend:

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun İdman.bizə müsahibə verib.

Trend İdman.biz-ə istinadən müsahibəni təqdim edir:

- Avrokuboklarda "Zirə" ilk səfər qələbəsini qazandı. "Şerif" sizin üçün ən çox nədə təhlükə yaratdı?

- Rəqibin təcrübəli komanda olduğunu bilirdik. 6 ay bundan öncə avrokubokların qrup mərhələsində çıxış etmişdilər. Qitənin klub turnirlərində böyük təcrübəsi olan komandadır. Hər an bu komandadan təhlükə gözləyirsən. Birincisi, rəqibini daim təzyiq altında saxlayır. Bu məqam da stressə səbəb olur. Futbolçularının gücü birə-bir mübarizələrdə hiss olunurdu. Hər 2 komanda oyunun əvvəlində kəşfiyat xarakterli oynadı, bir-birini tanımağa çalışırdı və ehtiyat edirdi. İkinci hissə bir qədər açıq futbolla yadda qaldı. Hər 2 komandanın təhlükəli hücumları olsa da, 100 faizli qol epizodları yaranmırdı. Sonda əlimizə bir fürsət düşdü və ondan istifadə edib qələbə qazandıq.

- Səfər oyununda qələbə qazanmağınız komandada bir arxayınlıq yaratmayacaq? Futbolçuları ikinci oyuna necə kökləməyi düşünürsüz?

- Qarşımızdakı rəqib "Şerif"dir. Düşünürəm ki, futbolçularım ağıllı və təcrübəlidir. Qarşımızdakı rəqibin kim olduğunu başa düşürlər. 1:0 hesablı qələbədən sonra rahatlaşmaq, boşalmaq böyük yalnışlıq olar. Özləri də bunu başa düşürlər. Onların halından bunu hiss edirəm. Dünən soyunub-geyinmə otağı olsun, oteldə, hava limanında da görürdüm ki, birinci hissəni oynadığımız və qarşıda bizi çox vacib 2-ci hissə gözlədiyini başa düşürlər.

- Bu qələbədən sonra faiz etibari ilə şansları nə qədər dəyərləndirirsiz?

- 1:0 hesabı ilə qalib gəldik. Bu hesabla məğlub olsaydıq belə şanslar 50-nin 50-yədir.

- Cavab oyununda heyətdə hər hansı dəyişikliklər etməyi düşünürsüz?

- Onu zaman göstərəcək. Hazırda oyunu yaxşı təhlil etmək lazımdır. Həmin gün kim daha yaxşı və daha çox xeyir verə biləcəksə, ona heyətdə üstünlük verəcəyik. Heyətdə dəyişiklik olub-olmayacağını da matça az qalmış biləcəyik.

- Potensial rəqibləriniz olan "Elfsburq" - "Pafos" (3:0) matçını izləyə bildiz?

- Oyunu izləməmişəm və düşünmürəm. Dünəndən bu günə qədər də yolda bir qədər vaxtımız olub və matçımızı təhlil etmişik. Bütün fikrimiz "Şerif"lə oyundadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti