Bakı. Trend:
Vətənə medalla qayıtdığım üçün çox sevincliyəm.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Paris-2024" Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Fransa paytaxtına qızıl medal üçün yollansa da, qisməti üçüncü yer olub: “İnanıram ki, gələn Olimpiadalarda çempion olacağıq. Bu dəfə qismət belə oldu. Amma sevinirəm ki, medalsız da qalmadım. Yarışa başlayanda bir az yaxşı açılış etmədik. Komanda yoldaşlarımın medalsız qalması məni məyus etdi. Bu yarış idmanın zirvəsi sayılır. Hər kəs Oyunlara nəticə qazanmaq üçün gəlir”.
O, idmana yeni başlayan idmançılara öz tövsiyəsini də verib: “Hər birinə burdan demək istəyirəm ki, olduqca çox məşq etsinlər. Öz üzərlərində çalışsınlar. Hədəflərinə çatana qədər mübarizə aparsınlar”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz "Paris-2024"ü 1 bürünc medalla bitirib.