Bakı. Trend:
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 yarış həftəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edib.
BŞH-dən Trend-ə verilən məlumata görə, hər il böyük maraqla qarşılanan tur jurnalistlərə yarış həyəcanı ilə yanaşı Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti yaradıb.
Media tur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.
Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalislərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.
Media tur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.
Qeyd edək ki, bu il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü 300-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandıracaq.