...

BP: Birinci dayaq blokunun dənizə yola salınması mühüm hadisədir (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2016 12:37 (UTC +04:00)
Şahdəniz Mərhələ 2 üçün tikilən iki platformadan birinin dayaq bloku bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınıb.
BP: Birinci dayaq blokunun dənizə yola salınması mühüm hadisədir (FOTO)

Bakı. Trend:

Şahdəniz Mərhələ 2 üçün tikilən iki platformadan birinin dayaq bloku bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınıb. Bu gün BDÖZ-də keçirilmiş rəsmi yola salma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

BP-dən Trend-ə verilən məlumata görə, Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi, yerləşdirilməsi və payaların üzərinə quraşdırılması işləri dəqiqliklə planlaşdırılıb və bu işlərin təxminən 40 gün ərzində tamamlanacağı gözlənilir.

Dayaq blokunun tikintisi qrafikə uyğun tamamlanıb və o, Şahdəniz kontrakt sahəsinə yola salınmaq üçün 29 iyul 2016-cı il tarixində uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 barjına yüklənib.

BOS Shelf, Star Gulf və Saipem konsorsiumu tərəfindən inşa edilmiş HDB dayaq bloku BDÖZ sahəsində yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə bütövlüklə ölkə daxilində tikilib. Bu dayaq blokunun tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 4700 nəfərdən çox insan cəlb edilmişdi və işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

BP-nin Şahdəniz 2 layihələri üzrə vitse-prezidenti Yuan Dramond deyib: “Birinci dayaq blokunun dənizə yola salınması mühüm bir hadisədir və biz buna nail olmaqdan məmnunluq duyuruq. Bununla yanaşı layihənin digər hissələrinin də tamamlanması istiqamətində işlər irəliləməkdədir. Mən bu nəhəng layihənin irəliləyişinə dəstəklərinə və əməkdaşlığa görə Azərbaycan hökümətinə və SOCAR-a dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələyə yüksək əməyin təhlükəsizliyi göstəriciləri ilə nail olmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. 2 illik tikinti müddəti ərzində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə BOS Shelf, Star Gulf və Saipem konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm. Həqiqətən də, Xəzərdə ən çox sayda dikboruya malik dayaq blokunun bir gün də olsun belə qəza nəticəsində itirilmiş iş gününə yol vermədən bütövlükdə 14,6 milyon adam-saat ərzində tamamlandığını bildirməkdən qürur duyuram. Bu, böyük nailiyyətdir və mən əminəm ki, dənizdəki quraşdırma işləri də əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə əməl edilməklə həyata keçiriləcək.”

HDB dayaq blokunun çəkisi 13150 ton, hündürlüyü isə 105 m təşkil edir. Dayaq bloku 12 hasilat dikborusundan, 3 ixrac dikborusundan və monoetilen qlikol (MEQ) üçün xüsusi ayrılmış bir idxal dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti