Bakı. Trend:
Hacıqabul və Sabirabad rayonlarında “Kütləvi çıxarış” kampaniyası keçirilib.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Vətəndaş məmnunluğunu artıran kampaniya bu dəfə eyni gündə 2 rayonda keçirilib və ümumilikdə 220-yə yaxın vətəndaşa xidmət göstərilib. Bu gün Hacıqabul və Sabirabad rayonlarında keçirilən kampaniyada rayon sakinləri əmlaklarına dair çıxarışları əldə ediblər. Hacıqabulda 80 sakinə, Sabirabadda isə 65 sakinə həyət evləri, torpaq sahələri, mənzillər, pay torpaqları və həyətyanı sahələrə aid çıxarışlar təqdim olunub. Hər iki rayonda 70-dən çox sakindən əmlaklara dair ilkin mülkiyyət sənədləri də qəbul edilib.
Kampaniyanın gedişində vətəndaşlara mobil hüquqi yardımlar da göstərilib. Bu zaman əmlak sahiblərinə əmlaklarının qeydiyyatının vacibliyi, qeydiyyata alınan əmlakın üstünlükləri izah edilib, əmlakın qeydiyyatı üçün prosedurlar, tələb olunan sənədlər barədə məlumat verilib. Mobil hüquqi yardım çərçivəsində qeydiyyat üçün tələb olunan sənədlərin necə və hansı orqanlardan toplanması, ortaya çıxan çətinliklərin həlli ilə bağlı geniş bilgilər verilib. Kampaniya çərçivəsində Komitənin mobil ofisləri vasitəsilə bir sıra vətəndaşa texniki pasportların hazırlanması və çöl-ölçmə işləri ilə bağlı texniki xidmətlər də göstərilib.
2016-cı ilin müvafiq dövründə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib. Qeyd edək ki, kampaniya ilə yanaşı, gündəlik olaraq bütün respublika üzrə mobil ofis xidmətləri də davam etdirilir. Mobil ofislər aylıq qrafik üzrə təyin olunan ünvanlara gedir, çıxarış əldə etmək istəyən vətəndaşlardan ilkin mülkiyyət sənədləri toplanır. Onların əsasında müvafiq müddətdə çıxarış hazırlanır və yenidən ünvanlarda vətəndaşlara çatdırılır. Mobil ofislər vasitəsilə seçimdən asılı olaraq vətəndaşlara bağ evi, fərdi evlər və digər əmlakların ilkin və təkrar qeydiyyatı, texniki ölçmə və kadastr işləri ilə bağlı xidmətlər də təqdim olunur. İndiyədək mobil ofis xidmətləri vasitəsilə 50 mindən çox vətəndaşa xidmət göstərilib.
Regionlarda kampaniyadan faydalanan və həm də kampaniyaya maraq göstərən vətəndaşların sayı artmaqdadır. Kampaniya hüquqi cəhətdən etibarlı, üzərində mülkiyyət hüquqları rəsmi qeydiyyata alınmış əmlakların sayının artmasını təmin edir. Daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini, daşınmaz əmlakdan daha səmərəli istifadə etmə imkanlarını stimullaşdırır. Əmlakın girova qoyulması, ipotekaya yönəldilməsi, biznes predmetinə çevrilməsini təmin edir.