...

Daha bir yeni tikili sakinləri "Kütləvi çıxarış"dan faydalanıb (FOTO)

İqtisadiyyat Materials 23 Dekabr 2016 14:18 (UTC +04:00)

Bakı. Trend:

“Kütləvi çıxarış” kampaniyası sayəsində paytaxtda daha bir yeni tikilinin sakinləri mənzillərinə çıxarış alıblar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keirilən “Kütləvi çıxarış” kampaniyasından Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri yararlanıblar.

Komitədən Trend-ə verilən məlumata görə, bu gün D.Bünyadzadə küç. 3 ünvanında yerləşən “Ramana Residence” yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç hara getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnmiş olub.

“Ramana Residence” yaşayış kompleksində çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Çoxmərtəbəli binalardakı mənzillərin çıxarışla təmin olunması çox əhəmiyyətlidir. Çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Bütün bunlarla yanaşı, kampaniya daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür, alqı-satqı əməliyyatlarını və bazardakı aktivliyi artırır.

Qeyd edək ki, Azərbaycanın, xüsusilə də paytaxt Bakıda öz mənzilini sənədləşdirmək istəyən vətəndaşların sayı çoxdur və onlar komitənin bu kampaniyasına maraq göstərərək müraciət edirlər. Belə müraciətlər əsasında gündəlik olaraq komitənin bütün respublika üzrə mobil ofis xidmətləri müxtəlif ərazilərə gedərək müxtəlif növdə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə çıxarış üçün ilkin sənədlərin qəbulundan tutmuş çöl-ölçmə və kadastr işlərinədək müxtəlif xidmətlər daxil olur.

Xatırladaq ki, 2016-cı ildə komitə tərəfindən paytaxtın 8 rayonunda, respublikanın isə 22 şəhər və ya rayonunda bu cür kampaniyalar təşkil olunub. Kampaniyalara əmlak xidmətlərindən yararlanmaq istəyən çoxlu sayda vətəndaşlar cəlb olunub. Bu il ərzində Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Xaçmaz və digər şəhərlərdə yerləşən çoxmərtəbəli binalarda belə kampaniyalar keçirilib. Kampaniyanın əsas özəlliyi odur ki, kampaniya rahat, şəffaf və əlçatan şərtlərlə xidmətləri əhaliyə təqdim edir.

Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti