...

“Kütləvi çıxarış” kampaniyası Ağdaşda (FOTO)

İqtisadiyyat Materials 26 Yanvar 2017 12:46 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Ağdaş sakinlərinə əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərib.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Ağdaş rayonunun bir neçə kəndində baş tutan kampaniyada komitənin mobil ofisləri vətəndaşların yaşadıqları məntəqələrə gedib. Birbaşa həyətlərdə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əmlak sahiblərinə təqdim edilib. Çıxarışlar vətəndaşlara məxsus fərdi həyət evləri, pay torpaqları, həyətyanı torpaq sahələrinə dair verilib.

Kampaniya zamanı komitənin xüsusi nəqliyyat vasitələrində 60 rayon sakininə hazır çıxarışlar verilib. Eyni zamanda, 30 sakindən onların mülkiyyətinə dair ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Kampaniya zamanı bır sıra vətəndaş daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı suallarını komitənin hüquqşünaslarına ünvanlayıb.

Hüquqi yardım aksiyası çərçivəsində vətəndaşların belə suallarına aydınlıq gətirilib. Beləliklə, hüquqi məsləhətlər sayəsində sakinlər daşınmaz əmlakın qeydiyyatı prosesində zəruri prosedurlarla daha aydın şəkildə öyrəniblər. Müvafiq sənədlərin hansı qurumlardan alınması, hansı rüsum və xidmət haqlarının ödənilməsi, “bir pəncərə” prinsipi ilə sənədləşdirmənin həyata keçirilməsi barədə ətraflı məlumat alıblar. Eyni zamanda, vətəndaşlara rüsum və xidmət haqları barədə məlumatın hazırda daha rahat və tez öyrənilməsi barədə məlumat verilib.

Qeyd olunub ki, komitənin rəsmi internet səhifəsində istifadəyə verilən əmlakın qeydiyyatı kalkulyatoru vətəndaşlara bu məbləği sənədləşdirməyə başlamazdan əvvəl tez bir zamanda öyrənməyə imkan verir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Bu yenilik qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Komitənin bütün ölkəni əhatə edən “Kütləvi çıxarış” kampaniyası ötən il 28 şəhər və ya rayonda keçirilib. Kampaniyaya start verildiyi tarixdən indiyədək 10 minə yaxın insan kampaniyadan faydalana bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti