Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti hərrac keçirib.
Komitədən Trend-ə verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarının iqtisadi və texniki göstəriciləri, mövcud durumunu əks etdirən görüntüləri, peyk vasitəsilə çəkilmiş xəritələri, qiyməti və s. məlumatlar nümayiş etdirilib.
Hərrac komissiyasının sədri hərrac prosedurları və qaydalarını, özəlləşdirilən əmlaklar haqqında təfərrüatlı məlumatları hərrac iştirakçılarına çatdırıb. Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir.
Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.