Bakı. Trend:
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.
"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilən işlər küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır.
Təmir-tikinti işləri aparılan yolun 1.4 km-lik hissəsində yolun hərəkət hissəsinin eni genişləndirilərək 9 metr, qalan 500 m-lik hissədə isə 12 metr təşkil edəcək. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Hazırda qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılır. Yolun asfaltlanması üçün görülən işlər başa çatdırıldıqdan sonra 20 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib. Piyada səkisinin salınması üçün 5000 p/m səki daşından istifadə edilib. Asfaltlanma işləri zamanı piyada səkilərinin hərəkət hissəsinə də asfalt-beton örtüyün salınması nəzərdə tutulub. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınacaq, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunacaq, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulacaq, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılacaq.
Qeyd edək ki, təmir-tikinti işləri tamami ilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərci xətlərinin şəklişi işləri aparılacaq.