...

İstehlakçılar üçün maarifləndirici konfrans keçirilib

İqtisadiyyat Materials 27 Oktyabr 2017 16:17 (UTC +04:00)
İstehlakçılar üçün növbəti maarifləndirici konfrans bu gün İmişlidə keçirilib.
İstehlakçılar üçün maarifləndirici konfrans keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici konfrans bu gün İmişlidə keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün seminarlar keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, istehlak bazarında mal və xidmətlərin keyfiyyəti ilə yanaşı, istehlakçı fəallığı yüksəlib, istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu artıb.

Konrfansda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər, tədbir iştirakçılarının suallarını cavablandırılıblar.

İştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən İmişlidə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda seminar təşkil edilib. Seminarda Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti