...

ƏƏSMN: Bu il 44 minə yaxın şəxs münasib iş yerləri ilə təmin edilib (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2017 11:34 (UTC +04:00)
Bakıda məşğulluq orqanlarının fəaliyyətinin müasir beynəlxalq standartlara uyğun qurulmasına yönələn təlim kursuna başlanılıb
ƏƏSMN: Bu il 44 minə yaxın şəxs münasib iş yerləri ilə təmin edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” mövzusunda növbəti təlim kursuna başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti, BƏT-in ekspertləri iştirak ediblər.

M.Kərimli hazırkı kursun cari il ərzində BƏT-lə əməkdaşlıq çərçivəsində məşğulluq orqanlarının potensialının gücləndirilməsi üçün təşkil olunan artıq üçüncü tədbir olduğunu qeyd edib. O bildirib ki, ümumiyyətlə, BMT və onun ixtisaslaşmış qurumları, o cümlədən BƏT-lə əməkdaşlıq Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət daşıyır. Cari ilin iyun ayından Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunması bu əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Ölkəmiz BƏT-in qərarvermə prosesində və təşkilatın gələcəyi ilə bağlı müzakirələrdə yaxından iştirak edir. Hazırda Azərbaycan BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və bacarıqların inkişaf etdirilməsini əhatə edən geniş əməkdaşlıq gündəliyinə malikdir.

Nazir müavini diqqətə çatdırıb ki, Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilin 10 ayı ərzində 43 746 nəfər şəxsin münasib iş yerləri ilə təmin edilib, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub. Xidmət və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 3170 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Özünüməşğulluq proqramı çərçivəsində 1232 aztəminatlı ailənin aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilməklə, onlara ailə biznesini qurmaq imkanı yaradılıb.

“İşsizlikdən sığorta haqqında” Qanun 1 yanvar 2018-ci ildən qüvvəyə minəcək və gələn il İşsizlikdən Sığorta Fonduna toplanacaq vəsaitin mühüm bir hissəsinin də aktiv məşğulluq tədbirlərinin təşkilinə, xüsusən özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Aktiv məşğulluq tədbirlərinin miqyasının xeyli genişlənməsi məşğulluq orqanları əməkdaşlarının da məsuliyyət və səylərinin artmasını, onların öz iş sahələrinə, tapşırılan vəzifələrin icrasına daha işgüzar və peşəkarlıqla yanaşmalarını tələb edir. Bütün qeyd olunan tədbirlər işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və məşğulluq xidməti orqanlarının fəaliyyətinin müasir beynəlxalq standartlar əsasında qurulmasını, o cümlədən əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşmasını tələb edir. Bu istiqamətdə BƏT, BMT İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı və digər təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir. Azərbaycan Hökuməti ilə BƏT arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində təşkil olunan hazırkı təlim kursu da bu məqsədə yönəlib. Kursun əsas mövzularından biri də məşğulluq orqanları ilə sosial tərəfdaşlar arasında əməkdaşlıqla bağlıdır və bu çərçivədə beynəlxalq ekspertlərin iştirakı ilə sosial tərəfdaşlarla birgə müzakirələr də aparılacaqdır.

A.Dadaşov, V.Zeynalov, Y.Həmzəyev, A.Frakasetti çıxış edərək keçirilən belə təlim kurslarının məşğulluq xidməti orqanlarının əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi əsasında yüksəldilməsində, həmçinin sosial tərəfdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsində, ümumən beynəlxalq standartlara uyğun və əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşmasında əhəmiyyətini qeyd ediblər.

Dörd gün davam edəcək təlim kursunda BƏT-in baş mütəxəssisi Mixail Mvasikakatanın “Beynəlxalq Tənzimləmə Çərçivəsi üzrə Dövlət Məşğulluq Xidmətinin rolu: ümumi baxış”, BƏT-in ekspertləri Byorn Halvorsenin və Yuriy Qertsiyin “Məşğulluq xidməti orqanları və sosial tərəfdaşlıq”, “Məşğulluq xidməti orqanları və sosial tərəfdaşlıq sahəsində müsbət təcrübələr: Norveç təcrübəsi”, “Məşğulluq xidməti orqanları və işəgötürənlər arasında əməkdaşlıq üzrə modalluq”, “Aktiv əmək bazarı proqramları və işəgötürənlərin bu proqramlara cəlb olunması”, Rusiya Federasiyasının Kamçatka ərazisi üzrə Dövlət Məşğulluq Xidmətinin rəisi Natalia Nitsenkonun “Dövlət məşğulluq xidmətləri və işəgötürənlər arasında əməkdaşlıq üzrə müsbət təcrübələr: Rusiya təcrübəsi”, “Məşğulluq xidmət orqanları və formal məşğulluğa keçid: Rusiya təcrübəsi” mövzularında təqdimatlar etmələri nəzərdə tutulub.

Kursun gündəliyinə Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kamil Həsənov və ASK-nin nümayəndəsi Xaqani Hümmətzadə tərəfindən “Dövlət məşğulluq xidmətləri və işəgötürənlər arasında əməkdaşlıq: Azərbaycan təcrübəsi”, BƏT-in qlobal koordinatoru Fərid Heqazi və BƏT-in baş mütəxəssisi Mixail Mvasikakata tərəfindən “Məşğulluq xidmət orqanları və formal məşğulluğa keçid” və s. mövzularda təqdimatların edilməsi və müzakirələrin aparılması da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti