...

ABŞ səfirinə "Caspian American Club"un ilk fəxri üzvlük sertifikatı təqdim olunub (FOTO)

İqtisadiyyat Materials 21 Dekabr 2017 14:24 (UTC +04:00)

Bakı. Trend:

Caspian American Club və Caspian European Club Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş doqquzuncu CEO Lunch Baku keçirib. Fəxri qonaq qismində CEO Lunch Baku-da ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak edib.

Forumda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ikitərəfli əlaqələrdə Azərbaycan və ABŞ-ın qazandığı uğurları qeyd edərək, əlverişli investisiya və işgüzar mühitin saxlanılması üçün vacib olan qanunun aliliyi və digər məsələlər üzrə bundan sonrakı əməkdaşlığın zəruriliyini vurğulayıb.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev Caspian American Club-un fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ABŞ Səfirliyinə minnətdarlığını bildirib: “Bir neçə gündən sonra biz Caspian American Club-un yubileyini qeyd edəcəyik. Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş CEO Lunch da məhz Klubun yaranmasının ildönümünə təsadüf edir. Caspian American Club-un təsis olunduğu ilk gündən biz böyük sayda məktublar aldıq. İlk məktublardan birini məhz Robert Sekuta yollamış və layihənin həyata keçirilməsində uğurlar arzulamışdı”.

O əlavə edib ki, Caspian American Club-un idarə heyətinin üzvləri iki illik seçilirlər. Caspian European Club-un üzv şirkətləri avtomatik qaydada, həm də Caspian American Club-un üzvləri sayılırlar.

T.Əliyev həmçinin, 2018-ci ilin iyununda keçiriləcək Caspian American Club-a göstərilən rəsmi dəstəyə görə ABŞ səfirliyinə minnətdarlığını ifadə edib.

Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli də bütün qonaqları salamlayaraq, onları 2018-ci il aprelin 12-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan hökumətinin iqtisadi blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.

Onun sözlərinə görə, CEO Lunch formatında tədbir ayda iki dəfə - hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncu cümə günü Tbilisidə təşkil olunur.

Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Tədbirdə həmçinin, Klubun idarə heyətinin yeni seçilmiş digər üzvləri də çıxış ediblər. Onların hər biri öz komitəsinin fəaliyyəti və komitələr çərçivəsində gələcək planlar barədə məlumat verib.

Tədbirin sonunda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya Caspian American Club-un ilk fəxri üzvlük sertifikatı təqdim olunub.

Həmçinin, Caspian European Club və Caspian American Club-a üzv olan və iştirakını davam etdirən şirkətlərə də sertifikatlar verilib.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı vasitə olan CEO Lunch həmçinin, qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. CEO Lunch Baku-da sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə toxunulur, eyni zamanda, iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti