Bakı. Trend:
Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyilib.
İclasda vurğulanıb ki, ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2017-ci ildə Belarusda Azərbaycanın Ticarət Evi fəaliyyətə başlayıb.
Belarus Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Artıq Azərbaycan Ticarət Evi Belarusa alkoqollu içkilər idxal etmək hüququ da əldə edib. Bununla da, Azərbaycan Ticarət Evi Belorusda bu hüquqa malik olan 29 dövlət və özəl müəssisənin siyahısında yer alıb.
Latviyada Azərbaycan Ticarət Evi artıq qeydiyyata alınıb və bu il fəaliyyətə başlayacaq. Ukraynada isə Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilib və hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.