Bakı. Trend:
Dünya Bankı Qrupunun üzvü olan IFC 28 ölkəni və investisiya üzrə 10 milyard ABŞ dollarından artıq portfeli və 89 məsləhət layihəsini əhatə edən Avropa və Mərkəzi Asiya regionu üzrə yeni direktor təyin edib.
Təşkilatdan Trend-ə verilən məlumata görə, Wiebke Schloemer 1 may 2018-ci il tarixindən etibarən direktor Tomasz Telmanı əvəz edib. IFC-nin keçmiş regional infrastruktur rəhbəri Vyanada fəaliyyət göstərəcək və Türkiyə, Ukrayna, Gürcüstan, Serbiya, Qazaxıstan, Polşa, Rusiya və digər ölkələrin daxil olduğu regiona rəhbərlik edəcək və ildə 3 milyard ABŞ dollarından artıq yeni investisiyalara məsuliyyət daşıyan 420 peşəkardan ibarət qrupu idarə edəcək.
Schloemer layihə və korporativ maliyyələşdirmə sahəsində və energetika, nəqliyyat, telekommunikasiya və texnologiya sektorları daxil olmaqla geniş diapazonlu sənaye sahələri boyu birbaşa investisiya yatırımı üzrə 20 ildən artıq təcrübəyə malikdir. Təyin edilməzdən qabaq o Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika boyu 5.5 milyard ABŞ dollarından artıq investisiyaları idarə edərək IFC-nin infrastruktur investisiyalarına rəhbərlik edib.
Yeni direktor bildirib: “Bu, enerji və resursların səmərəliliyi məsələləri üzrə məsləhət xidmətlərindən tutmuş “yaşıl” istiqrazlara qədər, və IFC-nin ilk iqlimə uyğunlaşma layihəsindən tutmuş IFC-nin şəhərləri təşəbbüsünə qədər sahələri əhatə edən və özəl şirkətlərə inkişaf etməkdə və regional iqtisadi artıma töhfə verməkdə yardım edən bir çox yeni məhsul və təşəbbüsləri tətbiq edən regiondur. Nəticələr mükəmməl olsa da, problemlər qalmaqdadır. Regiondakı rolumuzu, infrastrukturun yaxşılaşdırılması, aqrobiznesin effektivliyinin artırılması, istehsalda iqlimə uyğun yeniliklərin dəstəklənməsi və yerli kapital bazarlarının gücləndirilməsinə ehtiyac duyan sifarişçi ölkələrimizə özəl sektorla bağlı həlli yollarının təqdim edilməsində görürəm".
Schloemer, IFC-yə 2004-cü ildə Vaşinqtonda yerləşən telekommunikasiya, media və texnologiya (TMT) qrupunda investisiya əməkdaşı kimi qoşulmuşdur. Onun sonrakı regional təcrübəsi Avropa və Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, Şərqi Asiya və Sakit okean regionunu əhatə edir.
IFC-yə qoşulmazdan əvvəl Schloemer Lüksemburqdakı Avropa İnvestisiya Bankında və DEG-də, Almaniya İnvestisiya Korporasiyasında çalışıb, Afrika, Asiya və Şərqi Avropada infrastruktur borcları və kapital əməliyyatları üzərində işləyib.
IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl sektorun inkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır.