Bakı. Trend:
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbir olan 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi keçirilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, iyunun 1-dək davam edəcək sərgi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil & Gas” sərgisi ilə eyni platformada təqdim olunur.
Sərgidə Dövlət Agentliyi tərəfindən günəş panelləri, hibrid işıqlandırma sistemləri, külək generatorları, 6V/90As yüklü akkumulyatorlar, LED fənərlər, şarj kontroller, ABOEM maqnit generatorları və sairə avadanlıqlar nümayiş olunur.
ABOEM Maqnit Generatoru adlandırılan qurğu neodim maqnitlərinin yaratdığı sabit maqnit sahəsinin təsiri ilə elektrik cərəyanı istehsal edir. ABOEMDA-nın mütəxəssisləri tərəfindən hazırlanmış generatorun rotorunun hərəkətə gətirilməsi su axını və ya küləyin təsiri nəticəsində baş verir. Nəticə etibarilə qurğu ABOEM hesabına elektrik enerjisi istehsal edir.
Nəzərinizə çatdıraq ki, sabit maqnit generatoru üzərində ilkin sınaq testləri aparılmışdır və nəticələr bu qurğunun təkmilləşdirilərək, məişətdə istifadə olunması üçün zəmin yaratmışdır. Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü yüksək faydalı iş əmsalına malik olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilməsidir ki, bu da İran, Özbəkistan, Belarus, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin marağına səbəb olub.
Sərgi alternativ və bərpa olunan enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji avadanlıqlar və yaşıl enerji sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektivli müqavilələr imzalamaq üçün unikal fürsət hesab edilir.
Qeyd edək ki, hələ ötən il Dövlət Agentliyi nümayiş etdirilən eksponatlar üçün "Ən yaxşı korporativ tərtibata görə" sertifikatı ilə təltif edilmişdi.
Xatırladaq ki, 8-ci Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi Energetika Nazirliyi və Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.