...

Cəlilabadda 5 istiqamət üzrə yollar yenidən qurulur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 4 İyul 2018 10:13 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabad rayonunda 5 istiqamət üzrə - uzunluğu 35 kilometr olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq kəndlərarası avtomobil yollarının yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq, yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kvadratmetr sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 poqonmetr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması işləri də görülür.

Növbəti mərhələdə 363 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 210 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu 288 poqonmetr 500 millimetr, 118 poqonmetr 1000 millimetr diametrli dəmir-beton borular quraşdırılır. Bundan başqa, yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd kilometr göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.

Tikinti işlərinin payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti