...

“Afrika İttifaqı Komissiyası”nın komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

İqtisadiyyat Materials 24 İyul 2018 01:32 (UTC +04:00)
Bu gün Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib
“Afrika İttifaqı Komissiyası”nın komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

Bakı. Trend:

Bu gün Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib.

ASC-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində xanım Amani Abu-Zeyd və “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayevin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə geniş məlumat verilib. Görüşdə bu il orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peykinin əhatə dairəsi, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması və “Azərkosmos” üçün Afrika regionunun prioritetliyi da vurğulanıb.

Səfər çərçivəsində xanım Abu-Zeyd “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə də olub. Qonağa “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə rabitə və yayım xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə və digər tətbiq sahələrində Azersky peyki təsvirlərinin istifadə edilməsinə dair məlumat verilib.

Görüşdə, həmçinin, kosmik sahədə insan kapitalının inkişaf etdirilməsi, xüsusən də yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.

Görüş əsnasında xanım Abu-Zeyd Afrika İttifaqı ölkələrində Azərbaycanın kosmik sahədə əldə etdiyi təcrübəni öyrənməkdə maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti