...

İƏT ölkələri arasında ticarət dövriyyəsi 2 dəfə artacaq

İqtisadiyyat Materials 17 Dekabr 2018 21:13 (UTC +04:00)
Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarətin həcmi ildə 60 milyard dollardır.
İƏT ölkələri arasında ticarət dövriyyəsi 2 dəfə artacaq

Bakı. Elnur Bağışov - Trend:

Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarətin həcmi ildə 60 milyard dollardır. 2025-ci ilədək bu rəqəm 120 milyard dollara çatmalıdır.

Trend-in məlumatına görə, bunu İƏT baş katibi Hadi Sultanpur təşkilatın regional proqramlaşdırma şurasının iclasının kluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, dünya ticarətinin 7,7%-i İƏT-ə üzv ölkələrə məxsusdur.

H.Sultanpurun sözlərinə görə, proqrama əsasən qərara alınıb ki, hər il üzv ölkələr arasında ticarət təxminən 10 milyard dollar artsın. Bu məqsədə çatmaq üçün isə lazımi mexanizm düşünmək lazımdır:

"Rüsumun azaldılması, fərqli investisiyaların genişləndirilməsi, ölkələrin özəl sektorunun əməkdaşlığı üçün sadələşdirmələr, bazarların bir-birinə birləşdirilməsi İƏT-in ticarət anlaşması çərçivəsində icra olunmalıdır.

Baş katib deyib ki, nəqliyyat sahəsində İƏT-in önəmli və əsas proqramlarından biri üzv ölkələrin dəniz limanlarının quru limanlara birləşməsidir:

“Təşkilata üzv ölkələrdən 7-i qurudadır və dənizə çıxışı yoxdur. Proqramımızda dəniz limanlarının quru limanlara birləşməsi, bu ölkələrə məhsulun əlavə xərc olmadan tranziti nəzərdə tutulur. İƏT-in birləşmə xətləri olan 5 dəmiryolu dəhlizi və 2 avtomobil yolu dəhlizinin investisiyaya ehtiyacı var”.

Qeyd edək ki, İƏT-in Tehranda keçirilən 4 günlük iclasında İran, Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti