...

Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir (FOTO)

İqtisadiyyat Materials 9 Yanvar 2019 14:39 (UTC +04:00)

Bakı. Trend:

Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Suraxanı rayonunda da daşıyıcı qaz kəmərlərinin yenidənqurulması istiqamətində işlər davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Yeni Günəşli qəsəbəsinin A, B və D yaşayış massivləri, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə diametri 110, 160, 250, 280 və 315 mm-lik polietilen borularla 5300 metr qaz xəttinin çəkilməsi işlərinə başlanılıb. Hal hazırda qaz xəttinin 4900 metr hissəsi çəkilib, 22 ədəd qaz siyirtməsi quraşdırılıb.

Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” İstehsalat Birliyi istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti