...

Ombudsman Aparatında GIZ-in ekspertləri ilə görüş keçirilib

İqtisadiyyat Materials 15 Mart 2019 12:38 (UTC +04:00)

Bakı. Trend:

14 mart 2019-cu il tarixdə Ombudsman Aparatında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Baş Ofisinin məsul əməkdaşı Lotar Can, həmin təşkilatın “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının rəhbəri Tomas Meyerlə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşün məqsədi GIZ və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsinin aparılması olub. Bundan başqa, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlıq sahəsində müzakirələr aparılıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq son illər ərzində ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sahəsində böyük irəliləyişə nail olunduğunu, müasir çağırışlara cavab verən qanunvericilik bazasının genişləndirildiyini, ölkəmizin İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, ölkəmizdə insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib.

Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində geniş ictimai dinləmələrin keçirildiyi, əldə edilən nəticələrin təhlil edilərək ümumiləşdirildiyi və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət olunduğu vurğulanıb.

A.Səfixanlı ombudsmanın nüfuzlu beynəlxalq təşkilatlarla davam etdirilən səmərəli əməkdaşlıq çərçivəsində paytaxt və regionlarda bir çox layihələrin uğurla həyata keçirildiyini, bu prosesdə əhalinin həssas qruplarına aid şəxslərin hüquqlarının müdafiəsi və təbliğinə xüsusi diqqət yetirildiyini söyləyib.

Aparat rəhbəri ombudsmanın dövlət qurumları ilə səmərəli əməkdaşlığı barədə ətraflı məlumat verib. O, Müvəkkilin illik məruzələrində və aidiyyəti dövlət qurumlarına ünvanladığı müraciətlərdə də əhalinin ayrı-ayrı qruplarının hüquqlarının daha səmərəli təmini məqsədi ilə ombudsman haqqında Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində irəli sürülmüş təkliflərinin nəzərə alındığını bildirib.

A.Səfixanlı GIZ ilə əməkdaşlığın gücləndirilməsinə ehtiyacın olduğunu söyləyib və qonaqlar tərəfindən bunu nəzərə alınmasını qeyd edib.

Eyni zamanda nəzərə çatdırılıb ki, ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində mütəmadi olaraq penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, uşaq evlərinə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə, habelə müvafiq sosial obyektlərə baş çəkilərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması öyrənilir, onlara qarşı rəftar və problemləri araşdırılaraq həmin şəxslərə ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Həmçinin səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi, məsələlər qaldırıldığı və müsbət nəticələr əldə olunduğu vurğulanıb.

Sonda faydalı fikir mübadiləsinə və səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Qonaqlar ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib, habelə görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti