...

Molla Cümə və ətraf küçələrdə müasir yol infrastrukturu yaradılır (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2019 14:57 (UTC +04:00)
Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.
Molla Cümə və ətraf küçələrdə müasir yol infrastrukturu yaradılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxt Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri aparılır.

Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıcı və dairə də sökülərək yenidən qurulur, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilir.

Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılacaq.

Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması, yol kənarlarında xüsusi parklanma yerlərinin və avtobuslar üçün “cib”li dayanacaqların qurulması, yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur.

İşlərin payız aylarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti