...

Səfir: Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar (FOTO)

İqtisadiyyat Materials 20 Sentyabr 2019 18:10 (UTC +04:00)
Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Səfir: Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar (FOTO)

Bakı. Trend:

Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrin səviyyəsi mövcud potensialı və imkanları əks etdirmir, ona görə də Azərbaycan ilə Hindistan sahibkarları daha sıx əməkdaşlıq etməlidirlər.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Trend-ə verilən məlumata görə, Konfederasiya prezidenti Məmməd Musayevin Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşündə səsləndirdiyi bu fikir ətrafında hər iki tərəfin irəli sürdüyü təkliflər müzakirə edilib.

M.Musayev bu sahədə görüləcək işlərdə ASK-nın dəstək verməyə hazır olduğunu bildirib. ASK prezidentinin sözlərinə görə, Hindistan ölkəmizdən neft və neft məhsulları idxal edən ən böyük tərəfdaşlardan biridir, eyni zamanda bu dövlət əczaçılıq, informatika texnologiyaları, səhiyyə sahəsində uğurla inkişaf edir. Azərbaycandakı investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqında qonağa məlumat verən M.Musayev, Hindistan sahibkarlarını ölkəmizə investisiya yatırmağa dəvət etdi: “Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir və ölkəmizdə sənaye parkları yaradılıb. Hindistan tekstil, əczaçılıq sənayesi üzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”.

M.Musayev Hindistana qarşıdakı səfəri ilə bağlı səfirə məlumat verərək, ASK rəhbəri kimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirdi.

Bavitlunq Vanlalvavna qeyd edib ki, hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciətlər mövcuddur. Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün ASK-nın dəstək verməsini xahiş edən səfir, əməkdaşlığı daha da artırmağı təklif edib. Onun sözlərinə görə, bu il noyabrın 6-8-də Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfər edəcək. “Konkret işlər görmək üçün bu səfər səmərəli imkandır və nümayəndə heyətinin ASK ilə görüşməsini də istərdik”, deyə səfir vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti səfirə təkliflərinə görə təşəkkürünü bildirərək, Hindistan investorlarını maraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığın daha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədə maraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılması imkanlarını da gözdən keçirməyi təklif edib. Müzakirələrin sonunda bütün təkliflər üzrə səfirliyin və ASK-nın məsul əməkdaşlarına konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti