...

Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir (FOTO)

İqtisadiyyat Materials 21 Sentyabr 2019 16:13 (UTC +04:00)

Bakı. Trend:

Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.

KOBİA-dan Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcəkdir.

Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə potensial gənc qadın sahibkarların istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq və onların məhsullarından ibarət sərgilər keçiriləcəkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması istiqamətində KOBİA tərəfindən müxtəlif maarifləndirici tədbirlər və layihələr həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti