Bakı. Trend:
“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY İlin iş adamı™” müsabiqəsinin qalibi elan edilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY İlin iş adamı” müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib.
Pandemiya ilə bağlı mükafatlandırma mərasimi onlayn formatda keçirilib.
Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotelmal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasıyası üzrə “Prometal” şirkətindən Rüfət Əzizov təltif olunublar.
“HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan olunub. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq. “Müsabiqəni təşkil etdiyi üçün EY şirkətinə və tərəfdaşlarına minnətdarlığımı bildirirəm. Bu müsabiqə müəssisələrin daha çox uğur qazanması üçün stimul yaradır. Ümid edirəm ki, bir çox startap şirkətləri gələcəkdə bu yarışda iştirak edəcək və bu, onlara bazarda layiqli yer tutmalarına kömək edəcək. Biz də artıq müəyyən dərəcədə tanınan bir şirkət kimi yerli bazarda ilk addımlarını atan yeni şirkətlərə dəstək olmağa hazırıq” - deyə R.Qaraşlı bildirib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib: “Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin mükafatlandırma mərasiminin ölkəmizdə 25 aprel “Sahibkarlar Günü”nə təsadüf etməsi əlamətdar haldır. Müsabiqə dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq platformasıdır və sahibkarlıq düşüncə tərzinin təşviq edilməsi və sahibkarların motivasiya edilməsi baxımından əlverişli imkan yaradır. KOBİA bu tədbirin hər il təşkil edilməsini sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli təşəbbüs kimi dəstəkləyir, müasir dövrün çağırışlarına uyğun olaraq yeni sahibkarlıq rol modelinin formalaşdrılması üçün birgə əməkdaşlığı zəruri hesab edir”.
“EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: “Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil, lakin həqiqətən təqdirəlayıq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız. Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək və yaşanan çətinliklərə baxmayaraq yenilik və inkişafı dəstəkləməyə davam edəcəklər. EY şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2020-ci ilin “EY İlin iş adamı” müsabiqəsinin təşkilindən qürur duyur".
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan "EY İlin iş adamı" müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur. Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbirsizliklə gözləyirəm".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Ölkəmizdə ilk dəfə olaraq “EY İlin iş adamı” müsabiqəsinin keçirilməsi çox gözəl bir təcrübədir. Bu, iş adamları üçün faydalı olacaq, onlara öz potensiallarını reallaşdırmaqda kömək göstərəcək. Biz də Azərbaycan Beynəlxalq Bankı olaraq bu müsabiqə layihəsinə məmnuniyyətlə sponsorluq dəstəyi göstərdik. Çünki real sektorun inkişafı, eləcə də kiçik və orta sahibkarlığın inkişafına dəstək bizim üçün vacib istiqamətlərdən biridir. Azərbaycan Beynəlxalq Bankı bu yöndə ardıcıl tədbirlər həyata keçirir. Bank iş adamlarını bir araya gətirmək üçün hətta özünün “Sahibkarlar Klubu”nu da yaradıb. Biz hər zaman sahibkarlarımızın yanındayıq”.
“İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin iş adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin iş adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin iş adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.