Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Trend-ə bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbər şəxsləri iştirak ediblər.
İlk olaraq “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri Elnur Əliyev iclasda vurğulayıb ki, son on ildə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar eyni zamanda yüksək keyfiyyətli ictimai nəqliyyat xidmətinin təşkilinə zərurət yaradıb. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti də vətəndaşlarımız üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərinə öhdəlik kimi götürən vacib nəqliyyat qurumlarından biridir.
“BakuBus” MMC-nin fəaliyyətinin sərnişindaşıma bazarında qabaqcıl təcrübə və ənənələrin formalaşdırılmasına xidmət etdiyini vurğulayan Müşahidə Şurasının sədri Elnur Əliyev Müşahidə Şurasının yaradılmasını müəssisənin daha da inkişafına təkan verəcək bir addım kimi qiymətləndirib.
Müşahidə Şurasının sədri “BakuBus” MMC-ni səciyyələndirən əsas xüsusiyyətlərdən birinin Cəmiyyətin fəaliyyətində kommersiya elementi ilə yanaşı, sosial elementin də mövcud olduğunu və bu iki elementin uzlaşdırılmasının qarşıda duran əsas məqsədlərdən biri olduğunu qeyd edib.
Müşahidə Şurasının sədri, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının yeni islahatlar mərhələsinə qədəm qoyduğunu xatırladaraq bildirib ki, yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas prioritet məsələdir. O əlavə edib ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir.
Daha sonra BNA-nın İdarə Heyətinin Sədri Vüsal Kərimli “BakuBus”-ın fəaliyyəti, eləcə də, ölkədə sərnişindaşıma fəaliyyətinin vəziyyəti və növbəti çağırışları barədə iclas iştirakçılarına məlumat verib. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tural Mahmudov Cəmiyyətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. İclasda eyni zamanda “BakuBus” MMC-nin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.