...

SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub

İqtisadiyyat Materials 10 Fevral 2022 19:44 (UTC +04:00)
SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub

Bakı. Trend:

Fevralın 10-da SOCAR TOWER-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevi və yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatları münasibəti ilə təbrik edib. M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.

Müşahidə Şurasının sədri 16 ildən artıq SOCAR-a rəhbərlik etmiş Rövnəq Abdullayevin Azərbaycan neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrindən söz açaraq bildirib ki, bu müddət ərzində o, daim Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrası və Prezident İlham Əliyevin enerji siyasətinin yerinə yetirilməsi, SOCAR-ın yerli səviyyəli neft-qaz şirkətindən qlobal səviyyəli enerji şirkətinə çevrilməsi üçün çalışmışdır.

M.Cabbarov SOCAR-ın Azərbaycan iqtisadiyyatı üçün əvəzedilməz rolunu vurğulayaraq, şirkətin artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu söyləyib. Ötən il şirkətin diaqnostikası aparılmış, 2035-ci ilədək korporativ strategiyası qəbul edilmişdir. Yeni inkişaf mərhələsində cənab Prezidentin enerji keçidi, dünya iqtisadiyyatının sürətli transformasiyası fonunda verdiyi tövsiyə və tapşırıqlar, SOCAR-ın orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması əsas götürüləcək.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev göstərilən etimada görə ölkə başçısına minnətdarlığını bildirib, neft sənayesində çalışdığı 33 il ərzində dövlətə və Prezidentin siyasətinə bağlı olduğunu, gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacağını, yeni vəzifəsində var gücü ilə çalışacağını deyib. R.Abdullayev Rövşən Nəcəfi təbrik edib, onun rəhbərliyi altında SOCAR-ın daha böyük nailiyyətlərə imza atacağına əmin olduğunu vurğulayıb.

Sonda çıxış edən Rövşən Nəcəf göstərilən etimada görə dövlətimizin başçısı İlham Əliyev cənablarına minnətdarlıq edib, SOCAR-ın Azərbaycan iqtisadiyyatının flaqmanı, qlobal miqyaslı bir şirkət kimi öz mövqeyini qüvvətləndirməsi üçün var gücü ilə çalışacağını bildirib. SOCAR-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil aldığını və bir müddət bu şirkətdə çalışdığını bildirən R.Nəcəf, SOCAR-ın ona doğma şirkət olduğunu, şirkətin rəhbər heyəti və çoxminli kollektivi ilə birlikdə qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə inandığını ifadə edib.

Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb. Rövşən Nəcəf 2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub. 2010–2018-ci illər ərzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb. 2018-ci ilin mayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib. 2019-cu il avqustun 28-də Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. 2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 24-də isə iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü, "AzerGold" QSC və "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti