Bakı. Trend:
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 6-da İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu qeyd edildi, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün önəmi vurğulandı.
Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə də ticarət-iqtisadi, nəqliyyat, energetika, mədəniyyət sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Mütəmadi təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişafında rolu yüksək qiymətləndirildi.
Energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiyi diqqətə çatdırıldı. Azərbaycan ilə İran arasında elektrik enerjisinin plana uyğun olaraq mübadilə edildiyi bildirildi, iki ölkənin elektrik sistemlərinin birləşdirilməsi istiqamətində görülən işlər müzakirə olundu.
Eyni zamanda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin gedişi, habelə bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olundu.