...

“Azərsığorta” ASC-nin Direktor Şurasının ilk iclası keçirilib

İqtisadiyyat Materials 29 İyul 2022 17:40 (UTC +04:00)
“Azərsığorta” ASC-nin Direktor Şurasının ilk iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən formalaşdırılan “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Direktorlar Şurasının ilk iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən Trend-ə bildirilib ki, Direktorlar Şurasının sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sədrliyi ilə keçirilən iclasda Direktorlar Şurasının üzvləri, “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

İlk olaraq “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

İclasda çıxış edən Direktorlar Şurasının sədri A.Bayramov bildirib ki, Dövlət Sığorta Şirkəti “Azərsığorta” ASC brendi ilə fəaliyyətini davam etdirən respublika üzrə geniş filial şəbəkəsinə malik dövlət müəssisəsidir. Cəmiyyətin fəaliyyətinin qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində formalaşdırılması, səmərəliliyin artırılması hazırda qarşıda duran ən vacib vəzifələrdən biridir.

A.Bayramov Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirməsi istiqamətində Azərbaycan İnvestisiya Holdinqi tərəfindən görülən işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, habelə “Azərsığorta” ASC-nin korporativ idarəetmə sisteminin prinsipləri, Cəmiyyətin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan digər cari məsələlər müzakirə edilib, sadalanan məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Fərmanına əsasən “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən formalaşdırılıb. Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən isə Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Direktorlar Şurası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti