...

Mərkəzi Bank pul siyasəti əməliyyatları barədə məlumat yayıb

İqtisadiyyat Materials 30 Sentyabr 2022 15:31 (UTC +04:00)
Mərkəzi Bank pul siyasəti əməliyyatları barədə məlumat yayıb

Bakı. Trend:

Cari ilin sentyabr ayından başlayaraq pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, o cümlədən daimi imkan alətlərinin işə düşməsi və banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması banklararası pul bazarında aktivləşməyə səbəb olmaqdadır. Bu dövrdə “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 mln. manat məbləğində 59 ədəd əqd bağlanmışdır. Bu əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə 48 mln. manatlıq 21 əqd baş tutmuşdur ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.

Bu barədə Mərkəzi Bankdan Trend-ə bildirilib.

Qeyd edilib ki, pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqində növbəti mərhələ Mərkəzi Bank tərəfindən müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatlarının aparılmasıdır. Bu məqsədlə 2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur. Qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcəkdir. Not hərracları sabit həcmli bazar faizləri əsasında həyata keçiriləcəkdir. Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək və qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcəkdir.

Hərraclarda təklifin həcmi pul bazarındakı vəziyyətdən və bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozlardan asılı olaraq çevik tənzimlənəcəkdir. Hərracların parametrləri barədə bazar iştirakçılarına qabaqcadan məlumatlar veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti