Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək münasibətlərinin rəqəmsallaşması istiqamətində işlər görülür.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, son beş il ərzində Azərbaycanda pensiyalar 2,5 dəfə, əmək haqları isə 2 dəfədən çox artıb. Ölkədə son illərdə aparılan islahatlar əhalinin 40 faizdən çoxunu əhatə edib.
"Ölkədə məşğulluğun artırılması, habelə sahibkarlıq fəaliyyətinin aparılmasında şəffaflığın təmin edilməsi üzrə böyük işlər görülür. Son 5 il ərzində 382 min vətəndaş işlə təmin olunub. Bundan başqa, son üç ay ərzində müxtəlif sektorlarda 2,3 mindən yuxarı peşəkar kadr hazırlamışıq", - o deyib.
Nazir bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra ölkədəki sahibkarlar tərəfindən veteranlar üçün 5,1 min iş yeri açılıb.
"Həmçinin müharibə veteranlarının və şəhid ailələrinin yaşayış yeri və avtomobillə təmin olunması istiqamətində işlər görürük", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)