...

Bakıda keçirilən beynəlxalq forumda Huawei nümayəndələri 5G-nin inkişafının əhəmiyyətindən bəhs ediblər

İqtisadiyyat Materials 18 May 2023 11:00 (UTC +04:00)

Bakı. Trend:

Bakıda “GSMA Mobile 360 Eurasia 2023” beynəlxalq konfransı keçirilib.

Trend.az xəbər verir ki, konfransda yüksək vəzifəli şəxslər və bütün dünyadan rəqəmsal texnologiyalar sahəsində aparıcı ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, mobil rabitənin inkişafı üçün dayanıqlı infrastrukturun yaradılması, savadlı mütəxəssislər, həmçinin yeni kibertəhlükəsizlik mexanizmləri lazımdır.

“Biz Azərbaycanda genişzolaqlı şəbəkə infrastrukturuna investisiya qoymağa davam edirik və 2024-cü ilədək bütün ölkəni internetlə əhatə edəcəyik. Həmçinin Mərkəzi Asiyadan interneti Avropa ilə bağlayacaq layihə üzərində çalışırıq”, - R.Nəbiyev deyib.

Azərbaycanda aparıcı mobil operatorlardan biri olan Azercell-in prezidenti Zərinə Zeynalova isə öz növbəsində bildirib ki, şirkət infrastrukturu müasirləşdirməklə və yeniləməklə abunəçiləri üçün təhlükəsiz şəbəkənin təmin olunması üzrə hədəflərə nail olur. Xüsusən Azercell-in Azərbaycanda 5 milyondan çox abunəçini mobil rabitə ilə təmin etdiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, operator Qarabağın mobil rabitə ilə əhatə olunmasını və bu bölgənin social inkişafına töhfə verməyi hədəfləyir ki, bu da bərpa proseslərini sürətləndirməyə imkan verəcək.

Tədbirdə daha sonra Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə operator biznes qrupunun prezidenti An Jian söz alıb.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat qlobal iqtisadi inkişaf üçün həlledici əhəmiyyət daşıyır, belə ki, tədqiqatlar 2015-2025-ci illər ərzində qlobal iqtisadi artımın 55%-nin rəqəmsal iqtisadiyyat hesabına təmin olunacağını göstərir.

“İKT sektoruna qoyulan investisiyalar xüsusən inkişaf etməkdə olan ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişafına təkan vermək üçün həlledici əhəmiyyətə malikdir. Orta hesabla İKT sektoruna qoyulan hər 1 dollar dünyanın ÜDM-ni 3,5 dollar artırır. İnkişaf etməkdə olan ölkələrdə bu investisiyalar 4,4 dollar artıma səbəb ola bilər”, - An Jian deyib.

O, qeyd edib ki, 5G üç ildə 4G-nin beş ildə etdiyindən daha çox nailiyyət əldə edib. Və hazırda dünyada 1 milyarddan çox istifadəçiyə xidmət göstərən 249-dan çox kommersiya 5G şəbəkəsi var. Bu, 4G-də olmuş istifadəçilərin sayından yeddi dəfə çoxdur.

"Rabitəni inkişaf etdirərkən ekoloji yanaşmalara üstünlük verilməlidir. 2020-2030-cu illər arasında qlobal trafikin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Enerji səmərəliliyinin artırılması “yaşıl” inkişaf üçün çox vacibdir. Şəbəkəyə ekoloji cəhətdən təmiz həllər təqdim etməklə, bizim məqsədimiz enerji istehlakını minimuma endirməklə məlumat ötürülməsini maksimuma çatdırmaqdır", - deyə o bildirib.

Sonda "Huawei" şirkətinin nümayəndəsi qeyd edib ki, rəqəmsal iqtisadiyyat qlobal inkişafın aparıcı qüvvəsidir və Azərbaycan bu istiqamətdə liderdir.

Onun sözlərinə görə, 5G texnologiyası telekommunikasiyanı dəyişdirərək, istifadəçilərə və sənayelərə fayda gətirərək, tam potensialına çatıb. 5G-nin uğurlu olması üçün güclü 4G şəbəkəsinə investisiya vacibdir.

Tədbirdə "Huawei Technologies Azerbaijan" MMC-nin baş direktoru cənab David Xu da çıxış edib.

"Forumda müzakirə olunan əsas mövzular 5G texnologiyaları və hazırda hər yerdə geniş yayılmasına xüsusi diqqət yetirilən fiber optik şəbəkələrin istifadəsi olub", - deyə o bildirib.

Onun sözlərinə görə, indi biznes 5G və ya 4G-yə investisiya qoymaq sualı ilə üzləşib. 4G-yə investisiya qoymaq əslində 5G-yə investisiya qoymağın bir yoludur.

Çıxışı zamanı “Huawei Technologies Azerbaijan” şirkətinin baş direktoru, həmçinin asanlıqla 5G-yə yüksəldilə bilən orta zolaqlı qoşulmanın vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti